Qoyun ili

cin-ali-egitim-sistemi-428045Bilirsiniz kənd yerlərində həyat mərkəzlərə nisbətən bir az fərqlidir. İnsanlar daha mehriban olur, daha söhbətcil olurlar. Nə isə yeni ildən bir gün sora kənddə cimgədə oturmuşduq. Çay içib söhbət edirdik. İçəridəkilərdə kimisi domino oynayırdı, kimisi nərd oynayırdı kimisi də ağız-ağıza verib yoxluqdan, bahalıqdan, qiymətlərdən danışırdı. Çox vaxt söhbətin sonu gəlib ölkə siyasətinə, Amerikanın suriya siyasətinə çıxırdı. Ən sonda da hörmətli izzətli, sayılıb seçilən məmurlarımızın belə ağıllarına gəlməyən ideyalar yaranırdı.
Vallah bizim xalq savadlı xalqdır. Hətta o qədər savadlı, uzaq görən, çox bilmiş xalqdır ki bütün dünyanın problemlərini bir çaynik çayı bitirənə qədər həll edirlər. Bir çatışmazlıqları var ki, o da öz problemlərini həll etmək heç vaxt ağıllarına gəlmir.
Gərək belələrindən bir maşın yığıb aparsınlar ağ evə ya da kremlə. Bütün problemlər bir həftəyə qalmaz həll olunar.
Biri- bu il əsl bizim ilimizdir.
O biri- nə ilidir ki bu il.
Biri- sənin deyəsən dünyadan xəbərin yoxdur e, bu il qoyun ilidir.
Digəri- daha bunun nəyi bizim ilimiz oldu ki? Biz qoyunuq?
Biri- ay balam kəndçinin nəyi var nəyi yox bir qoyundur bir də 3-5 toyuqdan zaddan olur da.
Kənardan oturub buların söhbətlərinı qulaq asa-asa çayımı içirdim.
Üstündən hüç iki həftə keçməmiş təsadüfən yenə bunlarla yan-yana stolda əyləşməli oldum. Biri O birinə deyirdi ki yadındadır deyirdin bizim ilimizdir bu il? Bax həqiqətən də bizim ilimiz imiş.
Digəri- Necə yəni?
Biri- bəs bilmirsən axşam benzinin qiymətini qaldırıblar. Gözləyiblər ki biz yuxuya gedək ondan sora qaldırsınlar. Sağolmuşlar da bizi lap qoyun yerinə qoyublar ee yaxşı ki axşam oyaq idim.

Tənhalığın göz yaşı

ihtiyarƏlindəki siqaretindən bir nəfəs də çəkib bərk-bərk öskürdü. -Zəhrimara qalsın. Buna hardan dadandıq axı? Belə getsə axırıma çıxacaq. Kənara atdığı siqaret kötüyü hələ də tüstülənirdi. Havanın istisindən qurumuş sarı otun arasından sısqa-sısqa tüstülənən siqaret kötüyü otları da yandırıdı. Onda hiss etdi ki, bu günə qədər siqaret onu nə hallara salıb. Palıd ağacının altında illər əvvəl kəsilmiş palıdın kötüyündə oturub ayaqlarını qabağa uzaltmışdı. Əlindən çomağını əskik etməzdi. Elə indi də əlindəki çomağı ilə yerdəki otların dibini eşirdi. Bəzən də başını yuxarı qaldırır dərindən köks ötürürdü. Babadan qalma evin həyətindəki Tut ağacının dibindəki baltanı diqqətlə süzdü. Xatırlayırdı illər əvvəl atası onunla ağac kəsər qışa odun tədarük görərdi. Uşaqlıq illərinin həyəcanını hiss etdi bir anlığa. Bu tut ağacından az yıxılmamışdı. Hər dəfə də bir daha ağaca dırmaşmayacağına söz vermişdi amma sözünü tuta bilməmişdi. Sanki ağac onu özünə çəkirdi. Nə isə gözə görünməyən bir qüvvə onu vadar edirdi ki, gəlib çıxsın ağaca. Elə indi də bu ağac onun üçün dəyərli idi. Düzdür bəzən evladları zarafata salıb gülürdülər amma bu ağacla onun arasında mənəvi bağ var idi. Hər dəfə də uşaqlarına hiss etdirməsə də onların belə hərəkətləri ona bərk toxunardı. Amma dinməzdi. –Qocalıb artıq hər şeydən şikayət edir- demələrindən qorxurdu. Tula başını aldırıb üzünü sahibinin üzünə tərəf çevirdi. Elə bil qocanın ürəyindən keçənləri hiss edirdi. Az müddət deyil doqquz il idi ki, Tula onunla idi. Dağa da gedəndə, bağa da gedəndə sahibinin arxasına düşüb quyruğunu bura-bura gedərdi. Heç bir dəfə də yolun uzaqlığından, aclıqdan, susuzluqdan, günün istisindən şikayət etməmişdi. Hava necə olur olsun, günün hansı vaxtı olur olsun sahibinin yanında olmaqdan həzz alırdı. Üzünü Tulaya çevirdi. -Sən də mənimlə eyni fikirdəsən deyəsən. Zalım oğlu elə baxırsan ki, elə bil məni başa düşürsən.- yenə dərindən köks ötürüb –Əslində elə məni bircə sən başa düşürsən. Rəhmətliyin ölümündən sonra hər şey dəyişdi mənim üçün. İki qızı evləndirdim. Qanad açıb uçdular öz yuvalarını qurdular. Böyük oğlum kor gülləyə tuş gəldi. Balacadakı belə.- Gözlərindən səssiz süzülən yaş yanaqlarındankı qırışların arası ilə süzülüb qocanın yanaqlarını sığallayırdı sanki. Bir insanın bu qədər yük altında qalması həm də bu yaşda ikən, qayğıya sevgiyə ehtiyyacı olan bir vaxtda tək başına qalmağı çox ağır idi. Qızları həftədə bəzən də ayda bir –iki dəfə gəlib ev eşiyi yığışdırar, yemək hazırlayardırlar. Nəvələrinin sevinci ilə bir neçə saatlığına da olsa dərdlərini unudar amma yenə də könlü buna razı olmazdı. Hər dəfə -Ay bala sizin öz ailəniz var, öz işləriniz başınızdan aşır gedin ailənizə, balalarınıza vaxtınızı ayırın. Mən özüm öz çarəmə baxaram. Məndən sarı nigaran qalmayın-deyərdi. Dili deyərdi amma ürəyi tənhalıqdan bəzən yanıb qovrulurdu. Böyük oğlu sağ olsaydı bəlkə əlindən tutar, bu ahıl yaşında onu bunca əziyyətdən xilas edərdi. Balaca oğlu isə… Üç gün idi ki, yenə evə gəlmirdi. Artıq onun bu hərəkətlərinə öyrəşmişdi bilirdi ki, ya başı bir bəlaya düşüb ya da hardasa kefini çəkir. Bəzən oturub fikirləşərdi ki, görəsən evin son beşiyinə tərbiyyə verəndə harda səhv edib. Bu günə qədər qapısından haram bir tikə soxmamışdı. Amma son beşiyi haramzadanın biri idi. Əlindən dilindən heç kəsə xeyir gəlməzdi. Qohum qonşular evladlarını onunla dostluq yaxınlıq etməyə qoymazdılar. Hamısına da haq verirdi. Ancaq yenə də ata ürəyi idi. Bilmədən, istəmədən qırılırdı, inciyirdi. -Rəhmətliyə çox deyirdim ki, ay arvad bu gədəni bu qədər ərköyün bəyütmək olmaz. Sabah biz qocalıb əldən düşəndə evin balacasının umuduna qalacağıq. İndidən sən onu tənbəl eləmə. Dinləmədi məni atası rəhmətlik. Elə hey deyib özüm eşitdim. Heç olmasa rəhmətlik sağ olsaydı bir babat təskinlik tapıb dolanardıq.-sonra nə isə fikirləşib –Allah bilən məsləhətdi amma Şəhriyarı bu vəziyyətdə görsəydi ürəyi tab etməzdi. Əllərini dizlərinə söykəyib ayağa qalxdı. Sonra əllərini belinə qoyub arxaya qanrılıb qəddini düzəlmək istədi. Ancaq nə qədd qalmışdı nə də ki, qamət. Cavanlığı vurub yıxan, bağırıb-çağıran dövrü ötmüşdü. Dəmir daravaza cırıltıyla açıldı. Çoxdan idi ki, yağlanmırdı ona görə də hər dəfə açıb bağlayanda cırcırama kimi cırıldayırdı. Qoca incikliyini gizlədib –xoş gördük oğul necəsən? -Yorğunam ata.-Ayaq üstə güc bəla ilə dayanırdı. Üstü başı toz-torpaq içində idi. Diqqətlə baxanda üz qırışları olduğundan ən az on yaş böyük göstərirdi onu. Saçı-saqqlı birbirinə qarışmışdı yeriyərkən ayaqları titrəyirdi. -Yenə içmisən bala? Neçə dəfə dedim axı içmə o zəhrimarı. Axırına çıxacaq bir gün. Yazıqsan bala, mənə yazığın gəlmir özünə yazığın gəlsin. Heç qoca atanın xətri yoxdur yanında? Bu gün sabah mən də ölüb gedəsiyəm bu evə-eşiyə kim baxacaq ay oğul. Ata yadigarını kim qoruyacaq, ata ocağını işıqsızmı qoyacaqsan? Bala mənim goruma söydürmə. Deməsinlər ki, yaxşı kişi olsaydı belə oğul böyütməzdi. Həqiqətən də oğlunun belə olmasında onun günahı bir o qədər də yox idi. Bəlkədə hardasa səhvləri olmuşdu ama axı o elə kişi deyildi. Ayaqlarını sürüyərək oğlunun arxasınca yuxarı qalxdı. Atasından qalan taxta pilləkanları qurd yemişdi. Üzərinə basdıqca qıcırdayırdı. Ancaq öyrəşmişdi buna. Keçib yoldaşından yadigar qalan yaşıl üzlü döşəkcəsində oturub ayaqlarını qabağa uzaltdı. Gözlərini oğlunun gözlərinə dikib ona baxırdı. İllərin çətinliyinin, çəkdiyi əzabların üzündə buraxdığı izlər də Şəhriyar üçün önəmsiz idi. -Ata bilirsən niyə gəlmişəm bura? -Niyə gəlməyin əsas deyil ki, bala bura sənin evindir day onu da mənə deməyəcən ki.-Ancaq hiss edirdi ki, oğlunun cümləsində nə isə həsrət, ayrılıq qoxusu hiss olunur. Ancaq son cümləsində bunu gizlədərək, daha doğrusu bəlkə də elə olmadığına özünü inandıraraq demişdi. -Can bala yıxıl yat bir az. Əldən ayaqdan düşmüsən. -Yox ata mən qalmayacam getməliyəm. Amma getməmişdən əvvəl mənə pul lazımdır. Kişi başını aşağı salıb-Nə qədər? -soruşdu. Pul, var dövlət söhbəti düşəndə həmişə evladlarını firavan yaşada bilmədiyinə görə, hər istədiklərini ala bilmədiyinə görə utanırdı. -Çox lazımdır ata. Həm də çox. Yaman yerdə axşamlamışam. Bəlkə də bir daha məni görməzsən. -Nə danışırsan bala necə yəni görməzsən. Bu yaşımda nə edərəm tək-tənha. Bəs mənim evimin ocağını kim yandıracaq. Bir gün ölüb qalacam heç kəsin xəbəri olmayacaq. Bir quru qəbrim də olmasın deyirsən bala? -Ata mənim qulaq asacaq, dərd bölüşdürəcək vaxtım yoxdur. Sənə deyirəm pul lazımdır. Son cümləni deyəndə hiddətindən səsini qaldırmışdı. Qoca atasına bir az da olsa yazığı gəlmirdi. Gözləri mənasız, baxışları quru və soyuq idi. Bu ölmüş insanlığın əlaməti idi. Qoca ilk dəfə idi qorxu hiss etmişdi. Həm də elə belə yox, öz oğlundan qorxmuşdu. Əlləri əsə-əsə ayağa qalxdı. Döşəkçələrin arasından köhnə dəsmalı alıb açdı. İçindəki pullara bir müddət baxıb gözlərindən süzülən yaşı silib onu oğluna uzaltdı. Gözlərindən axan isə yaş deyildi. Kimsəsizliyin, tənhalığın fəryadı idi. Hayqırıb deyə bilmədiyi, ürəyinə saldığı əzabları idi gözlərindən süzülüb axırdı. -Al bala kəfən pulumdur. Saxlamışdım ki, öləndə heç kəsə yük olmayım. Heç nə olmaz. Kimin ölüsü çöldə açıqda qalıb ki? Mənə də kəfən tapılar. Şəhriyar pulu atasından alıb sürətlə nərdivanla aşağı düşdü. Dəmir darvazadan çıxacaqdı ki, ayaq saxlayıb geri baxdı. Qoca atası onun arxasınca baxırdı. Baxışları ilə sanki ağlayıb yalvarırdı oğluna-Məni tək qoyub getmə. Körpə uşaq kimi əllərini uzaldıb balasının arxasıyca qaçmaq, ona körpə uşaq kimi sarılmaq istəyirdi. Ancaq oğlu qapıdan çıxmışdı. Üzünü yana çevirdi Tula diqqətlə sahibinə baxırdı. Dərindən ah çəkib -Gəl Tula, mənim sadiq yoldaşım gəl gedək- dedi. İt səssiz səmirsiz sahibinin əmrinə tabe olub onun arxasınca gedirdi. O an ağlına qəribə fikir gəlmişdi. İndiyə qədər evladına öyrədə bilmədiklərini Tula çoxdan öyrənmişdi. Artıq onun fikrində Tula sadəcə it deyildi. Fərsiz oğuldan daha dəyərli dost idi.

Yetimin göz yaşları (hekayə)

Dənizin sərin mehinin təsiri ilə özünə gəldi. Dənizin kənarına sırayla düzülmüş beton parçalarının üstündə ağzıaşağı uzanmışdı. Yuxudan təzə ayılanlar kimi hələ də özünə gələ bilmirdi. Dəqiqələr sonra hiss etdi ki, yumuşaq döşəyin üstündə yox buz kimi boz betonun üstündə yatıb. Yatdığı yerdə dirsəklənib oturdu. Əvvəlcə ayağa qalxmaq istəsə də sonra fikrindən daşınıb yorğun insanlar kimi başını əllərininin arasına aldı. Özünə də maraqlı gəlirdi axı buz kimi betonun üstündə nə edirdi. Düzdür bu günə qədər yatdığı yerlər heç də yumuşaq yorğan döşək olmamışdı ancaq bu dəfə tamam fərqli idi.

Nə vaxt gəlmişdi bura?

Niyə gəlmişdi?

Nə zamandan bəri burda yatırdı?

Zehnini nə qədər məcbur etdisə də suallarına cavab ala bilmirdi. Cəmi on dörd yaşı olmağına baxmayaraq yaşadıqları üzündə elə izlər buraxmışdı ki, on yaş böyük görsənirdi. Yırtılmış şalvarının sallanan parçasını fikirli-fikirli barmağı ilə oynatmağa başladı. Nə olursa olsun suallarına cavab tapmalı idi. Dənizdən gələn sərin meh bu dəfə içinə işləmişdi sanki. Titrəyərək yerindən qalxdı. Keçən həftə zibillikdən tapdığı ayaqqabısını sürüdərək betonlarda o tərəf bu tərəfə gəzişirdi. Bir az da isinməyə ehtiyyacı vardı.

Qəribədir kimsəsiz keçirdiyi 11il ondan duyğularını söküb ala bilməmişdi. Sanki on dörd yaşlı dilənçi deyil, yetişmiş, ahıl, hər şeyi başa düşən biri idi. Hər dəfə gözləri dolduğunda etdiyi kimi bu dəfə də əllərini iplə belinə sarıdığı şalvarının cibinə saldı. Bilirdki ki yenə ağlayacaq. Ətrafda heç kəsin olmamağına baxmayaraq göz yaşlarını gizlətməyə çalışırdı. İçindən ağlayacaqdı bu dəfə. Artıq böyümüşdü, hətta özünə söz vermişdi baş əyməyəcək heç nəyə, heç kimə. Əzilməyəcəkdi heç kəsin qarşısında.

“Nə olsun ki dilənçiyəm kefimdən dilənmirəm ki? Mənim də başqa uşaqlar kimi atam, anam sağ olsaydı, yanımda olsaydılar mən də olar kimi məktəbə gedərdim. Mən də olar kimi təzə paltarlar geyinərdim. Guya mən istəmirəm ki, mənim də atam əllərimdən tutub axşamları parka gəzməyə götürsün? Guya mən istəmirəm ki, günorta yeməyimdə zibilliklərdən topladıqlarımı, dilənərək aldığım çörəyi deyil anamın gətirib qabağıma qoyduğu yeməyi yeyim?…..” bu dəfə də göz yaşları sözünü kəsmişdi. Qəhərdən boğulmamaq üçün başını səmaya çevirib dərin nəfəs aldı.

Xatırlamaq istəyirdi anasının üzünü. Ən azından səsini yadına salmaq istəyirdi. Allahın hər günü anasını fikirləşirdi. Saçlarına toxunduğunu xəyal edirdi. Ancaq bir şeyi də dərk edirdi ki, on bir il əvvəl zəlzələ onun kiçik dünyasını məhv etmişdi. Hələ üç yaşındaykən küçələrə məhkum edilmişdi.

Ancaq o digərləri kimi dilənçi deyildi. O dilənmək, qazanmaq üçün dilənmirdi. Yaşamaq üçün, həyata davam etmək üçün dilənirdi. Bəlkə də bir istəyəndə utancından yüz dəfə ölürdü ancaq buna məcbur idi. Yaşamaq istəyirsənsə, sabahkı günəşin ilk doğuşunu görmək istəyirsənsə dilənəcəksən-sadəcə bu idi onu dilənməyə vadar edən səbəb.

İstəsəydi daha da rahat yaşaya bilərdi. Digərləri kimi dükkanlardan oğurluq edə bilərdi. İnsanların ciblərinə girə bilərdi. Hətta ev də soya bilərdi. Ancaq o zaman o quldur, cinaətkar olardı. O isə bunu istəmirdi. Sadəcə yaşamaq isdəyirdi, hər şeyə rağmən yaşamaq, günəşin doğuşunu seyr etmək istəyirdi.

Başını qaldırıb ətrafa baxdı. Tam məhəllənin ortasındaydı. O qədər fikirli-fikirli gəzmişdi ki, bura qədər necə gəldiyini də hiss etməmişdi. Birdən gözləri qarşısındakı birinci mərtəbədəki evin qırılmış pəncərəsinə sataşdı. Pəncərə qırıqları idi onun sahildə buz kimi betonda yatmağının səbəbi. Nələr baş vermişdisə bir-bir kino lenti kimi gözündə canlanmağa başladı:

“Qəsəbədən buraya qədər piayada gəlmişdi. Yorğunluqdan ayağının taqəti kəsilirdi. Elə həmin bu pəncərədən bir az aralıdakı ağacın kölgəsində oturacaqdı. Qarşıdan gələn uşaqlar qəflətən pəncərəni daşa basmışdılar. Səsə çıxan ev sahibi də onun etdiyini düşünmüşdü. Qarşılığında da özündən gedincəyə qədər döymüşdü.”

Yəqin etdi ki, onu ölmüş zənn edib gətirib ora atıblar. Ancaq Allahın işinə kim qarışa bilərdi ki?! Demək ki, Allah onun bundan sonra da günəşin doğuşunu seyr etməyini istəmişdi.

Gözləri qəflətən evdən çıxan yeddi -əkkiz yaşlarındakı uşağa sataşdı. Uşaq əlindəki torbanı zibil qabının yanındakı qaldırıma qoyub getdi. Bayaqdan aclıqdan burulan mədəsinin təsiri ilə üzü güldü bu gün birinci dəfə. Torbadan bir tikə quru çörək bir az da yemək qalığı tapmışdı. Qarnını yaxşıca doydurduqdan sonra üzünü səmaya çevirdi. Gözlərindən mirvari dənələri kimi yaş süzülürdü. Yəqin ki şükr edirdi!

25.04.2012    05:52