
Ständige Freundschaft mit Stalin.”Freundschaft mit Stalin ist die Gewähr des Sieges, des Friedens und der Zukunft” heißt es in dem Aufruf der Regierung der Deutschen Demokratischen Republik zum 70. Geburtstag von Generalissimus Stalin am 21.12.39.UBz: I.W. Stalin am SchreibtischAufn.: Illus-SNB 5.12.494636-49
Bilirəm tibbə belə bir xəstəlik məlum deyil. Psixologiya sahəsində də bu adda problem yoxdu. Amma stalinizm özlüyündə insanları müxtəlif psixoloji vəziyyətlərə salacaq güc ehtiva edir. Bəs nədir bu stalinizm xəstəliyi?
Yəqin ki, sizlər də mənim kimi nənələrinizin, babalarınızın yaşı qırxdan yuxarı olan tanışlarınızın SSRİ və Stalin haqqında danışarkən gözlərindəki parıltını görmüsünüz. “Ehh o illər” ilə başlayıb heyranlıqla davam edən söhbətləri çox dinləmisiz. Bax budur Stalinizm xəstəliyi. Bir millətin, toplumun öz qatilinə, onu məhvə məhkum edən şəxsə qarşı duyduğu sevgi..
Stalin hakimiyyəti boyunca despotizmdən bir addım belə geri atmadı. Halbu ki, sosializm ziyansız bir model olmalı idi. Ən zərərsiz modelini də Lenin hazırlamışdı.
Hələ Leninin sağlığında Stalin baş katib seçilir. Ancaq Lenin böyük təkidlə tələb edir ki, Stalini başqa, ikinci bir vəzifəyə keçirsinlər. Çünki o Stalinin xarakterindəki qəddarlığın gətirəcəyi fəsadları təsəvvür edə bilirdi. Hətta Stalinin Leninin ölümünə necə biganə yanaşdığı da çoxunuza məlumdur.
Stalinin həyatında iki fərqli qütb daima bir-birini izləyir: möhkəm iradəsi və qəddarlığı, ədalətsizliyi.
Sonralar “Literaturnaya qazeta”da çap olunmuş Baxtarevin hadisəsi də bunun bariz nümunəsidir. Stalini müayinə edən həkim ona “paranoya” diaqnozu qoyur. Elə həmin gün teatrda tanımadığı iki nəfər tərəfindən kofe içməyə dəvət edilərək zəhərlənib öldürülür. Çünki Stalin bağışlamağı sevmirdi. Onun çatışmazlıqları açıq deyilə bilməzdi.
Stalinin bu cür “rejimə” zərər verəcək davranışları, xasiyyəti nə üçün yanındakılar tərəfindən səssizliklə qarşılanırdı? Halbu ki, həmin şəxslər kommunizm uğrunda bütün gücləri ilə mübarizə aparan şəxslər idi. Bəzən ciddi müzakirələr, çəkişmələr aparan bu şəxsləri nə idi susmağa vadar edən? Hətta Siyasi Büroda onun getməsi məsələsi də müzakirə olunur bir neçə dəfə. Amma bu şəxslər qətiyyətli addımlar ata bilmirdilər. Bu şəxslər Lenin idologiyası uğrunda döyüşmüş Tomskin, Rıkov, Orçonikidze, Buxarin kimi şəxslər idiki, onların gücü Stalinin gücündən heç də zəif deyildi. Amma bir müddət sonra Stalin onların hamısını məhv etdi. Çünki onun güclü rəqibə ehtiyyacı yox idi.
Hətta 1934-cü il partiyanın 17-ci qurultayında Kirov Stalindən daha çox səs toplayır və birinci katibliyə real namizəd olur. Amma Kirov sonra öz namizədliyini geri götürür. Bəlkə də Kirov o gün namizədliyini geri götürməmiş olsaydı repressiyalar da olmayacaqdı. Bəs nə idi Kirovu belə bir addıma məcbur edən? Ürəklərə yerləşmiş Stalin xofumu yoxsa Stalinizm xəstəliyimi?
Bəli Stalin artıq hər yerdə idi, hamını görürdü. Corc Oruelin “1984” romanındakı “Böyük ata” kimi. Bu xof insanların yaşamaq ehtiraslarını, hisslərini öldürmüşdü. İnsanların inam, qorxmazlıq duyğularını məhv etmişdi. Alimlər, əli qələm tutanlar, vəzifə sahibi olub haqsızlıqlara dözə bilməyənlərin çoxu da səsini çıxarda bilmirdi. Çünki bir təsadüf nəticəsində ölə, “xalq düşməni” elan edilə bilərdi. Ən yaxşı halda isə partiya biletini alır, savadlı kadrların üstünə savadsızı gətirir, fəhlə işlərini savadlı insanlara gördürüb onları mənən sındırırdılar. Ölkədə bəd xəbərlər bir-birini təqib edirdi. Sovet dövlətini quran bütöv bir nəsil demək olar yoxa çıxırdı. Hətta bəziləri bu qırğınları, haqsızlıqları alqışlayır şanına təriflər yağıdırırdılar. Bunların bir qismi manqurtlaşmış olsa da, bir qismi canlarının dərdindən edirdi. İnsanları bir-birinə inamı itir, dünənki dostlar düşmənə çevrilir, xalq nazirləri imperiyalizm agentləri adı ilə məhv edilirdi. 1936-cı ildə Kirovun öldürülməsindən sonra vəziyyət daha da ciddiləşir. Ali təhsil ocaqlarında ciddi nəzarət başlayır. Divarlara yapışdırılan plakatlarda “sinfi düşmənlər hələ də aramızda gizlənə bilmişdir” kimi fikirlər yazılır. Bunun da nəticəsi olaraq hamı bir-birindən şübhələnməyə uzaq qaçmağa başlamışdı. Universitetlərimizdə xalqına, millətinə xidmət etməyi özünə borc bilən professor Ubeydul, professor B.Çobanzadə, Əli Nazim kimi şəxslər həbs olunur. Azərbaycanda da mərkəzdə olduğu kimi əvvəlcə köhnə inqilabçılar sonra alim və professorlar sonra da xalqın istedadlı yazıçı və sənət adamlarını məhv edirdilər. Repressiyalar xalqın üzdə olan bütün evladlarını məhv edir. Bu işdə canla-başla xidmət edən M.C.Bağırov Stalinin qəssabı Beriyaya arxalanaraq bütün sinfi düşmənlərin tapılıb məhv edilməsini ən vacib məsələ hesab edirdi. (M.C.Bağırovun hakimiyyəti illərində az olsa da xalqımızın mənafeyinə uyğun atdığı addımları olub bunu növbəti yazılarımızda qeyd edəcəyik). Bağırov bu işgəncələrdə bəzən şəxsən iştirak edirdi. Belə qətllərdən biri də keçmiş Maarif Naziri M.Cuvarlinskini Moskvadan Beriya vasitəsi ilə geri gətirmiş ona DİN təcridxanasında olmazın işgəncələr vermişdi.
Bəli Stalin elə bir sistem, elə bir qorxu imperiyası qurmuşdu ki, onun şəxsən bütün işlərdə yer almasına ehtiyyac yox idi. Sistem cəllad baltası kimi öz işini görürdü. İnsanların, xüsusən də vəzifəli şəxslərin ona olan heyranlığı, ona yarınmaq həvəsi, yuxarılara görsənmək arzuları bərabərində Stalinin arzularını da gerçələşdirirdi.
Stalin sadəcə qara milləti qorxusu altında saxlamırdı. O hətta ən yaxınındakı şəxsləri belə caynağına almışdı. Bu isə o demək idi ki, onun ətrafındakılar ondan narazı idilər. Onun əlində əsr idilər amma bu əsrlikdən xilas olmaq üçün heç nə etmirdilər. Halbu ki, onlar çox Stalin isə bir nəfər idi. Edə bilmirdilər çünki əlindəki qamçı ilə oları qamçılayan şəxsə heyran idilər. Onları bataqlığa aparan şəxsi xilaskar gözündə görürdülər. Səslərini çıxara bilmirdilər çünki Stalinin qorxu imperiyasında yaşayırdılar. Çünki onların bir-birinə inamı yox idi. Çünki Stalinin Beriya, Yejov kimi cəlladları var idi.
Həmin illərdə Siyasi Büronun yaxın qohumu həbsdə olmayan heç bir üzvü yox idi. Ümumittifaq Ağsaqqalı Kalininin həyat yoldaşı həbsdə idi.
Stalinin birinci arvadının qardaşı, inqilabçı Aleksandr Svanadzeni 1937-ci ildə həbs edirlər. Beş il sonra isə güllələyirlər. (Bu barədə, eyni zamanda Aleksandrın həmin qərar qarşısında necə davranması barədə Anatoli Rıbakovun “Otuz beşinci və başqa illər”romanından oxuya bilərsiniz)
Elə həmin il, onun həyat yoldaşı Qazaxıstandakı düşərgədə həlak olur. Oğlu isə 1956-cı ildə azad olur.
Birinci arvadının bacısı Yekaterina 1937-ci ildə həbs olunur və həmin il öldürülür.
İkinci arvadının bacısı Anna Sergeyevna Alliluyevanı 1948-ci ildə həbs edirlər və on il iş verirlər.
Stalinin arvadı Nadejdanın qardaşı günahsız həbs olunanları azad etməyə çalışırdı. Amma o da 1938-ci ildə qəflətən ölür.
Birinci arvadından olan oğlu, 1941-ci ildə almanlara əsir düşən Jakov 1943-cü ildə şübhəli şəraitdə həlak olur. Onun arvadını isə Jakovun ölümündən sonra həbsdən azad edirlər.
Bəs niyə insanlar susurdular? Əllərində imkanı olanlar niyə bu imkanlarını dəyərləndirmirdilər. Aytmatovun bir yazısı bu suala veriləcək ən uyğun cavab olar zənnimcə.
Aytmatov yazırdı: Bir adam toyuğu diri-diri yolur. Sonra da atır yerə ki, getsin. Ancaq toyuq gedə bilmir. Bir-iki addım sürünə-sürünə gedir sonra yenidən geri qayıdır. Toyuq həmin adamın əsiri olur.
Stalin də insanları belə etmişdi. İnsanları xalqın adından cəzalandırır, onlara “xalq düşməni” damğası vururdu. İnsanlar bu cür təzyiqlər qarşısında əyilir, sınırdılar. Çünki onları lider yox “xalq” ittiham edirdi. Elə ona görə idi ki, bəzən Stalinin fərmanı ilə həbsxanalarda məhv edilənlər çox vaxt “Stalinə eşq olsun” qışqırırdılar.
Stalin fərqli bir tip idi. Onun cah cəlallı yaşayışa marağı yox idi. Köhnədən qalan videolarda yəqin diqqətinizi çəkib bir kiteli vardı, ancaq onu geyinərdi. Var dövlət hərisi də deyildi. Ancaq hakimiyyəti hər şeydən üstün tutardı. Elə ona görə də hakimiyyəti qarşısına çıxan, çıxma ehtimalı olan hər şeyi, hər kəsi məhv edirdi.
Cəmiyyət xəstə idi. Qorxu xofu insanların ruhlarına işləmiş, cəmiyyətin hər sahəsinə yayılmışdı. İnsanlar mənəvi cəhətdən şikəst olmuş, Stalin nəzərlərdə bütləşmişdi. O zaman hər tərəfdə heykəllər, portretlər “liderin” şüarları vardı. Stalinin “sağlığımızda bizə heykəllər lazım deyil” deməsinə baxmayaraq ölkənin hər yerində onun heykəlləri düzülmüşdü. Səbəb isə insanların yarınmaq, gözə girmək, məndə səninləyəm demək həvəsi, ruhlarının dərinliklərinə işləmiş kölə psixologiyasından başqa bir şey deyildir.
Stalinin ölümündən sonra onun qurduğu qorxu imperiyasındakı qaranlıqlar nisbətən dağılmağa başladı. Cəlladları bir-bir həbs edildi. Beriya isə güllələnəcəkdi. Onu güllələyən polkovnik sonra yazırdı ki, “Beriya dizi üstə sürünüb yalvarırdı ki, onu güllələməyim.”
Hər insandan olduğu kimi Stalinin də bir insan kimi, müsbət tərəfləri vardı amma etdikləri zülmlər onun müsbət tərəflərini örtmüşdü.