Heç vaxt yadımdan çıxmaz. 6-cı sinifin ikinci rüb tətilində idik. Havalar gah yağışlı olurdu gah da küləkli. Bizim üçün o qədər də fərqi yox idi. Onsuz da biz öyrəşmişdik. Hava necə olur olsun kefimiz həmişə yerində olurdu. Ən böyük dərdimiz səhər isti yataqdan çıxıb məktəbə getmək idi. Son vaxtlar havanın soyuması yorğanın altından çıxmaq işini əməlli başlı problemə çevirmişdi. Amma anam hər səhər bizdən əvvəl oyanar, soyuq, külək demədən bayırdakı balaca kürədə çayı qaynadar sonra gəlib bizi oyadardı. Üstümüzü də birdən açmazdı. Azacıq yorğanı qaldırar nəvaziş dolu səsi ilə qulaqlarımızı, ruhumuzu oxşayardı. Təbii ki, o vaxtlar bunu hiss etməzdik. Anamız bizim üçün bizi yuxudan edən şəxs idi. Öz-özümüzə deyinərdik. Hələ süfrə başına keçmək başqa bir aləm idi. Yazıq qadın ilan dili çıxarırdı ki, bir tikə çörək yeyək.
Hələ də payız aylarında, xüsusən də havanın soyuq, küləkli keçdiyi vaxtlarda pəncərədən gözümü uzaqlara zilləyirəm. Sanki məndən yüz metrlərlə, kilometrlərlə uzaqda yenidən o istiliyi, o nəvazişi, anamın şirin səsini tapacağam. Elə bil bu dəqiqə torpaq yolla arxasında sumkasıyla qaça-qaça balaca uşaq mənə yaxınlaşacaq, ayaqlarımı qucaqlayıb-məni tanımadın? Mən sənin uşaqlığınam. Itirdiyin illərəm. Həsrətlə uzaqlarda axtardığın qayğısız uşaqlığınam- deyəcək.
Onda hiss etdim ki, itirdiklərimiz bilmirəm nə səbəbə ancaq əlimizdəkilərdən daha dəyərlidir bizim üçün. Ancaq gün gələcək bu gün əlimizdə olanlarda üçün xatirəyə çevriləcək. Onda yenə darıxacağam. Bu günlərin xəyalını quracağam. Gərək bu günlərimi sevim. Həm də o qədər sevim ki, illər sonra bu günümü yaşamadığım üçün özümü danlamayım. Həsrətlə köks ötürməyim. Nə qədər şirin də olsa gedən gedib artıq. Bu günümsə əlimdədir, həm də istədiyim kimi yaşaya bilərəm…
Hə harda qalmışdım 6cı sinifdə oxuyurdum. Atam o axşam dedi ki, səni sabah Bakıya aparacam. O vaxt qohum əqrabadan bircə atamın əmisi oğlu Bakıda yaşayırdı. O da yadımda düz qalıbsa hansısa zavodda sex müdürü işləyirdi. Sevincimin həddi hüdudu yox idi o axşam. Kiçik evimizdə özümə yer tapa bilmirdim. Anama yuxum gəldiyini deyib ondan xahiş etdim ki, yerimi salsın. Əslində yuxum heç gəlmirdi. Bir an öncə yatağıma girib Bakını gözümdə canlandırmaq istəyirdim. Axı məktəbdə eşitmişdim ki, orda hündür binalar, çoxlu parklar var. Hətta orda yerin altıylada avtobuslar işləyirmiş. Mənim nəzərimdə Bakıda yaşayan insanlar da bizdən fərqli olmalı idi. Necə olmalı idilər bilmirdim amma bizim kimi olmamalı idilər. Hələ yerin altı ilə işləyən avtobusları görmək üçün tələsirdim. Görəsən o avtobuslar adamları necə yerin altında daşıyırdılar? Bəs adamlar yerin altına girməyə qorxmurdular? Sonra nə fikirləşmişdimsə qorxmadıqları qərarına gəlmişdim. Babamı dəfn edəndə mən də atamın yanında idim. Babamı da yerin altına qoymuşdular o vaxt heç kəs qorxmamışdı, deməli yerin altı qorxulu deyildi.
Səhər hamıdan tez oyanmışdım. Anam yanaqlarımdan öpüb yaxşıca yedirmişdi məni. Qəribədir o gün anama bir dəfə də etiraz etməmişdim. Sonra qonaq getdiyimdə geyindiyim paltarlarımı geyindirmişdi anam.
Uzun çəkən yolçuluqdan sonra, axşam üstü Bakıya gəlib çatmışdıq. Həqiqətən də eşitdiyim kimi qəribə şəhər idi. Burda insandan çox maşın gözə dəyirdi. Uzanıb gedən yollar, hündür binalar, xəzər dənizinin sahili, yaşıl parklar. Özümü nağıllar aləmində hiss edirdim. Sonra atamın əmisi oğlu gilə getmək üçün metroya minməli olmuşduq. Mənim nəzərimdə isə yerin altında gedən avtobuslara. Eskalatorla aşağı endikcə təəccüb dolu heyranlığımı gizlədə bilmirdim. Parıldayan gözlərlə ətrafıma, atama baxıb pillləkənlərin necə hərəkət etdiyini özümçün aydınlaşdırmağa çalışırdım. Beləliklə metro ilə də tanış olmuşdum o gün.
Məktəb başlayanda isə sinif yoldaşlarımı başıma yığıb gördüklərimi bircə-bircə danışmışdım. Hətta qürurla sinəmi qabağa verib yerin altı ilə gedən avtobusların adının metro olduğunu da öyrətmişdim hamıya.
Mənə qəribə gələn bir şey olmuşdu o vaxt. Insanlar səssiz səmirsiz harasa axışırdılar. Hamısı biribirinin arxasıyca gedirdi. Xüsusən də şəhərin mərkəzində, metrolarda qarşılaşmışdım bu halla. Yüzlərlə fərqli evdən, fərqli geyimdə insan olmasına baxmayaraq hamısı eyni hərəkəti edirdi. Elə bil hamısı bir iş üçün evdən çıxmışdılar. Sonra isə kəndimiz yadıma düşmüşdü. Çobanlar axşamlar sürünü otlaqdan gətirəndə də eyni belə olardı. Bütün qoyunlar başını aşağı salıb, eyni biri-birinin arxasınca səssizcə gedirdilər. Hərəsi bir evdən, hərəsi bir cür olmasına baxmayaraq.
onun fikirleri cox gulmelidir
axi o uşaqdır))