Azad “Məhbus”


azad mehbus

Dərindən ah çəkib gözlərini divarın yuxarı küncünə zillədi. Bir anlıq elə bildi ki, yuxarıdan aşağı nəysə süzülür. Həm də qapqara qan. Aşağı doğru divarlarda şıram açaraq ağır-ağır axırdı sanki. Yuxu görmədiyini bilirdi. Onu da bilirdi ki, son günlərin yorğunluğu, stresinin nəticəsi idi bütün gördükləri. Ancaq həqiqətən divarın, çala kötürləşmiş daşların rəngi fərqli idi. Nə qara kimi qara deyildi, nə də kir rəngi deyildi.

Bu illərlə  kamerada günahsız insanların ah naləsinin, iztirabının daşın bağrına qazıdığı rəngi idi. İki aya yaxın idi burda idi amma indi diqqət etmişdi buna. İzdirabın rəngi. Özü qədər rəngi də can sıxıcı idi.

Sonra yavaş-yavaş dostlarından, ailəsindən aldığı məktublara baxdı. İçindən birini əlinə alıb hər zaman etdiyi kimi burnuna yaxınlaşdırıb bərk-bərk qoxladı.

Məktubu kimdən aldığını deməyə yəqin ki, ehtiyyac yoxdur. Mənzərə hər şeyi deyir.

Nazor qapını döyəcləyib hazır olmasını, birazdan məhkəməyə aparılacağını xatırlatdı.

Nazorun səsi də fərqli idi sanki. Səsinin tonu normal səs tonundan fərqlənirdi. Deyəsən bu da izdirabın səsi idi.

Günəşin şüaları sanki məhkumun yanaqlarından öpüb saçını oxşamaq üçün yarışırdılar. Bir gözünü qıyıb səmaya baxdı. Səma gözlədiyi kimi deyildi. Günəş ətrafı ağuşuna almışdı. Əsl yaşamalı, gəncliyinin bu dövrünü keçirməli vaxtları idi. Sonra başını önünə saldı. İki əlini bir-birinə bərk-bərk bağlamış qandallar səmanın rəngini, azadlığını unutdurmuşdu.

-Necə də qəribə həyatdır. Başımın üstü azadlıq vəd edən, əngin səma. Hal bu ki, mən ondan doyunca istifadə etmək istəyirəm. Amma bu mümkün deyil. Ayağımın altında isə əzilmiş,tapdanmış, qüruru ayaqlar altında qalan yer. Mən bundan istədiyim kimi istifadə etməyə qadirəm. Amma əllərimdəki bu zəncir parçası birdə yanımdakı polislər buna imkan vermir.

Yanındakı polis serjantının dirsək toxunuşu ilə xəyallarından ayıldı. Bu gün onun üçün son gün idi. Ya azadlığının sonu olacaqdı ya da ki, məhbus həyatının.

Bir müddət sonar məhkəmənin qabağında idi. Dəqiq qərar verə bilmirdi on dəqiqəmi yoxsa iyirmi dəqiqəmi yol getmişdilər məhkəməyə çatmaq üçün. Bu fikrin üstündə çox dayanmadı. Düşünmək üçün çox vaxtı olacaqdı.

Məhkəmə salonu ağzınacan dolu idi. Zala ağır-ağır göz gəzdirdi. Budur öndə ailəsi oturub. Hər zamanki kimi, anası yaşlı gözlərini ona zilləyib. Atasının saçları sanki bir az da ağarmışdı. Başını önünə əymişdi.

–Mən ki, sənin başını aşağı edəcək heç nə etməmişəm. Yadımdadır hələ məktəbdə oxuyarkən sənə demişdim ki, mən razı olmaram ki, mənim səhvimə görə kimsə sənə söz desin. Sözümə də sadiq qalmışam. Bu gün sən başını yuxarı dikməlisən. Bu zalda başı ucasan sən. Sənin verdiyin tərbiyyə mənim ədalətsizliyə, haqsızlığa, zülmə baş qaldırmağa məcbur edib. Vicdanımla baş-başa qalmaq, onun altında əzilmək istəməmişəm. Hər səhər oyananda, güzgüyə baxanda gözlərimi özümdən gizlətmək istəmədiyim üçün bu gün burdayam.- deyə keçirirdi ürəyindən. Heyəcəkdi bir-bir hamısını deyəcəkdi ailəsinə, dostlarına qoy başlarını dik tutsunlar.

Budur dostları gülümsünürdülər. Gülümsəyən dadaqları müşaiət edən qəmli, nəmli gözlər hər şeyi etiraf edirdi. Salonda onu axtardı amma tapmadı. Tapmayacağını da bilirdi. İlk gündən ona demişdi ki, məhkəmələrə gəlməsin.

Məhkəmə başlamışdı. Hakim kürsüsündə nələrsə oxuyur, hansısa qanunun hansısa maddələrinin kobudcasına pozulduğunu sadalayırdı. Ancaq onun fikri tamam başqa yerdə idi. Bayaq gördüyü sonsuz səmalarda ilişib qalmışdı. Xəyalları ilə qanadlanıb uçurdu. Əlləri qandallı olsa da o azad idi.

Söz məhkuma verilir- nidası ilə yenidən məhkəmə zalına qayıtmalı oldu.

-Bilirəm hər nə desəm də dəyişən bir şey olmayacaq. Heç olmazsa ürəyimdən keçirdiklərimi demək istəyirəm.- danışdıqca zaldakıları bir-bir nəzərdən keçirirdi əzabın, qəzəbin fotosu canlanmışdı insanların üzlərində.

-Ailəm, dostlarım mən məhbus deyiləm. Mən azad insanam. Azad olduğum üçün mən bu gün burdayam. Bu o demək deyil ki, sizlərin aranızda azad insanlar yoxdur. Təbii ki, var ancaq taleyin oyunu, vicdanımın səsi, üstümüzdəkilərin ədalət anlayışı məni bu gün sizlərdən ayırır.

-Mən azad insanam çünki, mən ürəyimdən keçənləri sizlərin gözlərinizə baxaraq deyə bilirəm.- Üzünü hakimlərə tərəf çevirdi.- Mən evimdə, dostlarımla birlikdə ikən nələrə qarşı idimsə elə indi də eləyəm və bunu deyirəm. Daha sizlər kimi tək qaldığımda üsyan edib, evdən çölə çıxarkən maska taxmıram.

-Xahiş olunur son sözünüzü deyin. Hakim kürsüdən səsləndi.

-Anamdan xahişim birdə onu gözü yaşlı görmək istəmirəm. Mənə ədaləti, doğruluğu o öyrədib. O mənə hər dəfə “nə vaxtsa yalan danışsan sənə südümü halal etmərəm  deyirdi.” Ana mən bu gün yalan danışmadığım üçün, vicdanımın səsinə qulaq asdığım üçün burdayam.

Bir anlıq zala sükut çökdü. Sonra gülümsündü heç bir səbəbi olmadan. Əslində səbəbi vardı amma ondan başqa heç kəs nə olduğunu başa düşmürdü.

-Burda gülməli nə var? – Hakim yenə müdaxilə etdi.

-Bu da qadağandır? –Zaldakılar gülüşdü.

– Bilirsiniz H.Ə nə deyib? “Ədalətsizliklə ədalət bərqərar olunmaz”.

-Biz ədalətsiz qərar verməmişik.

-Bəli siz verməmisiz siz sadəcə olaraq ədalətsiz qərarı icra edirsiniz. Sizlərin çoxunuz qorxuyla yatıb qorxuyla oyanırsınız. Çünki sizlər də, bu bataqlığın çirkabına bulaşmısınız. Bu çirkabı yumaq çətindir. Yüzlərlə, minlərlə insanın ahını, bədduasını yumaq çətindir. Ədalətsizliyiniz daş kimi asılıb boynunuzdan xabəriniz yoxdur. Bizi məhv etdiyi kimi sizləri də məhv edəcək.  Vicdanlı olmaq bu zamanda ən ağır yükdür. Ya vicdanının səsinə qulaq asıb azad olacaqsan, ya da müti kölə. Başqa yol buraxmayıblar bizə. Bu gün mən sizin verəcəyiniz qərarın nə olmağından asılı olmayaraq azadam. Vicdanımın səsinə qulaq asdığıma görə əllərim bağlı olsa da ümidlərim azaddır. Ancaq sizlər əlləriniz açıq olsa da məhbussunuz. Öz vicdanlarınızın məhbusu.

Son dəfə hakimlə göz-gözə gəldi. Bu dəfə gözlərini qaçırmamışdı hakim. Baxışları ilə üzr istəyir, üzündəki ifadə həqiqəti hayqırırdı.

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma