Dənizin sərin mehinin təsiri ilə özünə gəldi. Dənizin kənarına sırayla düzülmüş beton parçalarının üstündə ağzıaşağı uzanmışdı. Yuxudan təzə ayılanlar kimi hələ də özünə gələ bilmirdi. Dəqiqələr sonra hiss etdi ki, yumuşaq döşəyin üstündə yox buz kimi boz betonun üstündə yatıb. Yatdığı yerdə dirsəklənib oturdu. Əvvəlcə ayağa qalxmaq istəsə də sonra fikrindən daşınıb yorğun insanlar kimi başını əllərininin arasına aldı. Özünə də maraqlı gəlirdi axı buz kimi betonun üstündə nə edirdi. Düzdür bu günə qədər yatdığı yerlər heç də yumuşaq yorğan döşək olmamışdı ancaq bu dəfə tamam fərqli idi.
Nə vaxt gəlmişdi bura?
Niyə gəlmişdi?
Nə zamandan bəri burda yatırdı?
Zehnini nə qədər məcbur etdisə də suallarına cavab ala bilmirdi. Cəmi on dörd yaşı olmağına baxmayaraq yaşadıqları üzündə elə izlər buraxmışdı ki, on yaş böyük görsənirdi. Yırtılmış şalvarının sallanan parçasını fikirli-fikirli barmağı ilə oynatmağa başladı. Nə olursa olsun suallarına cavab tapmalı idi. Dənizdən gələn sərin meh bu dəfə içinə işləmişdi sanki. Titrəyərək yerindən qalxdı. Keçən həftə zibillikdən tapdığı ayaqqabısını sürüdərək betonlarda o tərəf bu tərəfə gəzişirdi. Bir az da isinməyə ehtiyyacı vardı.
Qəribədir kimsəsiz keçirdiyi 11il ondan duyğularını söküb ala bilməmişdi. Sanki on dörd yaşlı dilənçi deyil, yetişmiş, ahıl, hər şeyi başa düşən biri idi. Hər dəfə gözləri dolduğunda etdiyi kimi bu dəfə də əllərini iplə belinə sarıdığı şalvarının cibinə saldı. Bilirdki ki yenə ağlayacaq. Ətrafda heç kəsin olmamağına baxmayaraq göz yaşlarını gizlətməyə çalışırdı. İçindən ağlayacaqdı bu dəfə. Artıq böyümüşdü, hətta özünə söz vermişdi baş əyməyəcək heç nəyə, heç kimə. Əzilməyəcəkdi heç kəsin qarşısında.
“Nə olsun ki dilənçiyəm kefimdən dilənmirəm ki? Mənim də başqa uşaqlar kimi atam, anam sağ olsaydı, yanımda olsaydılar mən də olar kimi məktəbə gedərdim. Mən də olar kimi təzə paltarlar geyinərdim. Guya mən istəmirəm ki, mənim də atam əllərimdən tutub axşamları parka gəzməyə götürsün? Guya mən istəmirəm ki, günorta yeməyimdə zibilliklərdən topladıqlarımı, dilənərək aldığım çörəyi deyil anamın gətirib qabağıma qoyduğu yeməyi yeyim?…..” bu dəfə də göz yaşları sözünü kəsmişdi. Qəhərdən boğulmamaq üçün başını səmaya çevirib dərin nəfəs aldı.
Xatırlamaq istəyirdi anasının üzünü. Ən azından səsini yadına salmaq istəyirdi. Allahın hər günü anasını fikirləşirdi. Saçlarına toxunduğunu xəyal edirdi. Ancaq bir şeyi də dərk edirdi ki, on bir il əvvəl zəlzələ onun kiçik dünyasını məhv etmişdi. Hələ üç yaşındaykən küçələrə məhkum edilmişdi.
Ancaq o digərləri kimi dilənçi deyildi. O dilənmək, qazanmaq üçün dilənmirdi. Yaşamaq üçün, həyata davam etmək üçün dilənirdi. Bəlkə də bir istəyəndə utancından yüz dəfə ölürdü ancaq buna məcbur idi. Yaşamaq istəyirsənsə, sabahkı günəşin ilk doğuşunu görmək istəyirsənsə dilənəcəksən-sadəcə bu idi onu dilənməyə vadar edən səbəb.
İstəsəydi daha da rahat yaşaya bilərdi. Digərləri kimi dükkanlardan oğurluq edə bilərdi. İnsanların ciblərinə girə bilərdi. Hətta ev də soya bilərdi. Ancaq o zaman o quldur, cinaətkar olardı. O isə bunu istəmirdi. Sadəcə yaşamaq isdəyirdi, hər şeyə rağmən yaşamaq, günəşin doğuşunu seyr etmək istəyirdi.
Başını qaldırıb ətrafa baxdı. Tam məhəllənin ortasındaydı. O qədər fikirli-fikirli gəzmişdi ki, bura qədər necə gəldiyini də hiss etməmişdi. Birdən gözləri qarşısındakı birinci mərtəbədəki evin qırılmış pəncərəsinə sataşdı. Pəncərə qırıqları idi onun sahildə buz kimi betonda yatmağının səbəbi. Nələr baş vermişdisə bir-bir kino lenti kimi gözündə canlanmağa başladı:
“Qəsəbədən buraya qədər piayada gəlmişdi. Yorğunluqdan ayağının taqəti kəsilirdi. Elə həmin bu pəncərədən bir az aralıdakı ağacın kölgəsində oturacaqdı. Qarşıdan gələn uşaqlar qəflətən pəncərəni daşa basmışdılar. Səsə çıxan ev sahibi də onun etdiyini düşünmüşdü. Qarşılığında da özündən gedincəyə qədər döymüşdü.”
Yəqin etdi ki, onu ölmüş zənn edib gətirib ora atıblar. Ancaq Allahın işinə kim qarışa bilərdi ki?! Demək ki, Allah onun bundan sonra da günəşin doğuşunu seyr etməyini istəmişdi.
Gözləri qəflətən evdən çıxan yeddi -əkkiz yaşlarındakı uşağa sataşdı. Uşaq əlindəki torbanı zibil qabının yanındakı qaldırıma qoyub getdi. Bayaqdan aclıqdan burulan mədəsinin təsiri ilə üzü güldü bu gün birinci dəfə. Torbadan bir tikə quru çörək bir az da yemək qalığı tapmışdı. Qarnını yaxşıca doydurduqdan sonra üzünü səmaya çevirdi. Gözlərindən mirvari dənələri kimi yaş süzülürdü. Yəqin ki şükr edirdi!
25.04.2012 05:52
Tesirli bir kekayedir Vusal…tesekkur.